AZE | RUS | ENG |

“Biz hələ yolun əvvəlindəyik” - Fotolar

“Biz hələ yolun əvvəlindəyik” - Fotolar
Abituriyentin atası, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli övladının maksimum bal toplamasının sirrini açıb

"Builki qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərin sayı ötən illərdəkindən xeyli az oldu. II ixtisas qrupu üzrə bu sevindirici və qürurverici nəticəni yalnız 1 abituriyent əldə edib”. Sosial şəbəkələrdə və mediada yer alan bu fikirlər daha çox bir ailənin sevinc payı olsa da, nəticəyə ölkə, gənclik, təhsil adına sevinənlər çox oldu. Əslən Ağdam rayonunun Mərzili kəndindən olan Qorxmaz  Səfərov riyaziyyat, coğrafiya və tarix fənlərinin hər birindən maksimum nəticə əldə edərək ən yüksək göstəriciyə - 400 bal qazanmağa nail olub. Abituriyentin atası, "525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli övladının uğurunun sirrini "Kaspi”yə bölüşdü.

Yüksək nəticələrin təməli

- Seyfəddin müəllim, övladınızın qəbul imtahanlarında yüksək nəticə əldə etməsi münasibəti ilə sizi təbrik edirik! Valideyn üçün övladının uğurundan böyük qazanc yoxdur. Bu nəticəyə qədərki yol eyni uğuru qazanmaq istəyənlər üçün də maraqlı olar...
- Əslində valideyn üçün övladının uğurları özünün yox, uşağının gələcəyi baxımından daha sevindirici olur. Əlbəttə, valideyn istəyi təmənnasızdır. Bu baxımdan düşünürəm ki, ya müəyyən bir mühit özü formalaşır, ya da övlad üçün özünü formalaşdırırsan. Uşaq da doğulub böyüdüyü mühitlə nəfəs alır, dünyagörüşü onunla formalaşır. Bu cəhətdən istər elmə, təhsilə meyil, istərsə də bir çox əxlaqi keyfiyyətlər, mənəvi xüsusiyyətlər elə bu məcrada formalaşır. Bir çox dostlarım, ailə yaxınlarımız deyirlər ki, iki oğlumuzun belə nəticə göstərmələri təəccüblü deyil. Yəni gözlərini açıb az-çox kitab görüblər. Birbaşa onlara nəsihətlə olmasa da, görünür şəxsi nümunədə bu qənaətə gəliblər. Heç bir ciddi məhdudiyyət qoyulmadan, əyləncələrdən məhrum olunmadan və təbii ki, müəyyən qaydalar çərçivəsində böyüyüblər. Həyat yoldaşım da pedaqoqdur. Fikirləşirəm ki, bu yük daha çox onun üzərinə düşüb. O biri oğlumuz da yüksək balla Bakı Dövlət Universitetinə qəbul olundu. Bu göstəricilər maksimuma yaxınlaşanda və ya maksimum alınanda onu daha fərqləndirir, önə çıxarır. Bu baxımdan, mənə yalnız valideyn kimi sevinmək qalır. Bunun daha çox həm onun üzərində, həm də öz üzərimizdə məsuliyyəti var. Yəni bu ani bir müvəffəqiyyət olmasın, xırda bir parlaqlıq kimi keçməsin. Bu, yeni yüksək nəticələrin təməli olsun. Hazırda belə bir arzudayam. 
 

  
- Sirr deyil ki, bu gün azyaşlılar da, yeniyetmələr də mobil cihazların bir növ əsirinə çevriliblər. Fikirlər var ki, bu cihazlarsız uşaqlar daha yaxşı nailiyyətlər əldə edə bilərlər. Oğlunuz imtahanda yüksək nəticə qazanmaq üçün yəqin ki, daha çox kitablarla dostluq edib. 
- Orta məktəblərin xüsusən son sinifləri o qədər maraqlı yaş dövrüdür ki, fikrimcə, uşağı çox sığma-boğmaya salıb onları əyləncələrdən, yaşın gətirdiyi gözəlliklərdən, maraqlı duyğulardan məhrum etmək düzgün deyil. Eşidirdim ki, bir çoxları uşaqlarını televizordan, kompyuterdən məhrum edib. Bilirsinizmi, mən az-çox ədəbiyyat adamıyam. Bilirəm ki, bu cür məqamlar onların yaddaşında ağrılı nöqtələrə çevrilir, travmalar yaradır. Tutaq ki, o, oxuyar, müəyyən uğurlar qazanar. Ancaq yeniyetməlik dövründəki əyləncələrdən, yaşın özünə uyğun dadlı hissiyyatlarını almaqdan məhrum olsa, onun üçün xeyli ağır olar. Dilə gətirməsə də, bəlkə ürəyində bizi bağışlamaz. Ona görə biz xüsusi bir hasar çəkməmişdik. Hər ikisinə orta məktəbin 10-cu sinfində ağıllı telefonlardan almışdıq. Düzdür, buna qədər ailə arasında «bəlkə lazım deyil» - deyə söhbətlər də olurdu. Telefonlardan həddini aşma dərəcədə istifadələri barədə şikayət eşidəndə onlara bir yolla eşitdirir və ya nümunə çəkirdim. Qorxmazın gözlərində uşaqlıqdan problem vardı. Ona görə də bir az ehtiyatlanırdıq. Amma xüsusi hədə və ya qadağaların minimuma enməsinə çalışırdıq. Yəni əgər bacaracaqsa həm həyatını yaşayacaq, həm təhsilinin dalınca gedəcək, həm də bir peşəkar kimi yetişəcək. Bacarmayacaqsa birindən alıb o birisinə verməklə onun həyatının, duyğularının bütövlüyünü korlamış olardıq. 

Məcburiyyət yox, yönəltmək

- Ümumiyyətlə, əgər uşağın oxumağa həvəsi yoxdursa onu məcbur etməyə ehtiyac varmı? 
- Mənə elə gəlir ki, burada məcburiyyətdən yox, onu yönəltməkdən söhbət gedə bilər. Müəyyən nümunələrlə yönəltmək, mühit yaratmaq, ona təhsilin üstünlüklərini nümayiş etdirmək olar. Bizdə indi elə bir gərgin vəziyyət yaranıb ki, insanlar övladlarının oxumağını istəyirlər, digər tərəfdən «oxumağın faydası yoxdur, niyə bizdə mütəxəssis yetişmir və s.» - deyə giley-güzarlar eşidilir. Bütün bu söhbətlər bu sahədə ağır bir depressiya yaradır. O mənada ki, bir ümidsizlik və məyusluq olur. Bu da istər-istəməz yeni nəslə sirayət edir. Ancaq mən düşünürəm ki, yeni yetişən nəsil çox güclü və iradəlidir. Yəni onlar oxumaqla bağlı bu qədər pessimizmi və ümidsizliyi görə-görə necə iradə ilə hazırlıqlara gedirlər, müəllim yanına qaçırlar, normativləri yerinə yetirmək üçün məktəbdə çalışırlar. Bu, yeni zəmanənin övladları kimi onların daha əzmkar olduğunu göstərir. Ona görə düşünürəm ki, yönəltmək və bir çox nümunələrlə həvəsləndirmək olar, ancaq məcburiyyət çox qısa vaxtda taktiki nəticə verə bilər. Strateji baxımdan gələcəyə yönələndə bu məcburiyyət bəlkə də onun daha yaxşı yerdə reallaşdıracağı enerjini, potensialı boşa vermiş olar. Gərək işin bu tərəfini də düşünək. 
 


Zəmanə uşaqları

- Adətən valideynlər söhbət edəndə «qız uşaqları daha sözə qulaq asandırlar» - deyə qızlarından razılıq edirlərsə, bir o qədər oğlan övladlarının böyüdükcə sərbəstliklərinin, amiranəliklərinin artdığından narahatlıqlarını ifadə edirlər. «Sən mütləq oxumalı, ali məktəbə qəbul olmalısan» - deyə uşaqlarının başı üzərində dayanmaq onlara psixoloji təzyiq deyilmi? 
- Əgər məhz gündəlik həyatda, ailədə qoyduğumuz tələblər, yaratdığımız müstəvidən kənara çıxan nələrsə haqqında bəlağətli mənzərə yaratmağa çalışsam bu, valideyn kimi mənim tərəfimdən bağışlanmaz riyakarlıq olar. Belə ki, onlar özləri də mətbuatı izləyirlər. Mən burada bir az çaşqın vəziyyətdəyəm. Bir yandan da təhsilim də bir az pedaqojidir. Ona görə pedaqoji sahədən bir az müdaxilə etməyi özümə rəva görürəm. Bizdə hərdən ciddiyyəti diqtə ilə qarışıq salırlar. Pedaqogikada da belədir. Bunun metodları var. Biz uşağı nə qədər məcbur edə, üzərində nəzarəti nə qədər həyata keçirə bilərik? Axı, bizim də öz qayğılarımız, işimiz var. Nə qədər mükəmməlik ki, onlardan son dərəcə mükəmməl davranış da tələb edək? Bu, çətin məsələdir. Onlar ətrafdan nə qədər informasiya alırlar. Bu da onların psixologiyasında cürbəcür təsirlər buraxır. İndi onlar təlqinləri yalnız valideynlərdən almırlar ki. Fikrimcə, bunun bir balaca ortalama nəticəsi o olar ki, onlar daha yaxşı özləri qərar versinlər. Yaxşısı o olar ki, onlar valideynlərindən eşitdiklərindən, həyatdan götürdüklərindən, kənardan aldıqları təsirlərin ortalama nəticəsinə ağılla qərar versinlər. Düzdür, burada istər-istəməz müəyyən nəsihətlər də, hətta bəzən öcəşmələr də olur – bunlar adi şeylərdir. Onlar da zəmanə uşaqlarıdır, onların özlərinin amalları, istəkləri var. Onlar bu məqsədlərini gerçəkləşdirməyin bir yolunu da görünür, yaxşı oxumaqda görürlər. Kimisi uşaqlıqdan fərasət nümayiş etdirir, fikirləşir ki, yüksək də olmasa, normal bir təhsilim olsun və öz fərasətimlə bunu gerçəkləşdirərəm. Başqalarının da fərqli arzu və istəyi olur. Ortadakı nəticəyə baxanda məlum olur ki, bunu məcburiyyətlə etmək mümkün deyil. Əslində uşaqları öz qərarına buraxmaq, ancaq düzgün yönəltməyə çalışmaqla ürəkaçan nəticələr almaq mümkündür. 

- Razılaşarsınız ki, tərbiyə məsələsində, təhsilə məhəbbətdə məsuliyyət təkcə valideynin üzərinə düşmür. Burada məktəbin funksiyası da var və zəruridir. 
- Təbii ki, şagirdlər günün böyük bir hissəsini məktəbdə keçirirlər. Özünüz də bilirsiniz, xeyli vaxtdan bəri xüsusi elitar məktəblər, xüsusi liseylər dəb düşüb. Orta təhsil olsa da, elitar ali səviyyəli bir mühitdən söhbət gedir. Ancaq bunlar da o qədər şərtidir ki... Bu barədə birmənalı qərar vermək düzgün deyil. Yəni qəbul imtahanlarında da, təhsilin sonrakı pillələrində də çox sadə ailə və məktəblərdən, adi müəllimlərin siniflərindən parlaq abituriyentlər, tələbələr, sonrakı mərhələdə mütəxəssislərin yetişdiyinin şahidi oluruq. Tərbiyədə də, təhsildə də ilk növbədə ailə mühiti, ikinci planda məktəb və təhsil ocağının sağlam mühiti, yerində tələbkarlıq böyük rol oynayır. Bəzən ola bilər ki, bunların hamısı bir yerdə mövcud olar, ancaq on şagirddən yalnız biri arzulanan nəticəni göstərə bilər. Bunlar həyatın özünün müəyyənləşdirdiyi, proseslərin özündə ortaya çıxan və özünü göstərən nəticələrdir. Əlbəttə, digər şərtlər lazımdır, ancaq onların hamısı ikinci dərəcəlidir. 

- Siz oğlunuza ixtisas seçiminə görə əzəldən sərbəstlik vermisiniz, yoxsa hər hansı müdaxiləniz olub? 
- Fikrimcə, bir balaca şüurlu, övladını tanıyaraq yanaşan valideynlər üçün bu məsələdə elə bir çətinlik olmur. Həm də bir az insaf gözü ilə baxmaq lazımdır. Məsələn, Qorxmazda orta məktəbin ilk siniflərindən dəqiq elmlərə həm meyl, həm də o sahədə imkanlarının daha yüksək olması nəzərə çarpırdı. Tutaq ki, mənim kitabxanamdan kitab götürüb oxumaqda da, bir balaca musiqi ilə maraqlanmaqda da və yaxud yeni çıxan texnologiyalara marağında da daha çox bu sahəyə marağını müşahidə edirdik. Açığını deyim ki, yazılı nitqi yaxşı olsa da, şifahi nitqdə, söhbətlərində daha konkret danışırdı. Dəqiq elmlərə meyillənən, rəqəmlərlə işləməyi xoşlayan adamların xarakterində olduğu kimi, onda da bu hiss olunurdu. Ancaq yuxarı siniflərə irəlilədikcə biz söhbət elədik. «Bəlkə maliyyə, iqtisadiyyat sahəsi» təşəbbüsü  məndən gəldi. Ancaq özünün bir xeyli tərəddüdləri, araşdırmaları oldu. Üstəlik böyük qardaşı humanitar, hüquq sahəsinə meyilləndiyi üçün görünür, özləri də özlərinin bacarıqlarını bir balaca tərəziyə qoyub müqayisə etdilər. Görünür, Qorxmazın qərar verməsində bunun rolu olub. Dünya o qədər sürətlə dəyişir ki, bu gün sərfəli görünən ixtisas sabah arxa planda qala bilər. Yaxud, bu gün əhəmiyyət verilməyən bir ixtisas, sabahın ən uğurlu bir peşəsi ola bilər. Yeni bir mərhələ gəlir. Ona görə bizim qərarımız Qorxmazın fikri ilə üst-üstə düşdü və o, bu ixtisası özü üçün əlverişli hesab edərək belə bir seçim üzərində dayandı.  

- Sonuncu sualım: sizcə uğurlu gənc kimdir, xoşbəxt valideyn kim?
- Bu, bir qədər ehkamçı səslənə bilər. Bunun meyarları çoxdur, dəqiq fikir söyləmək olmaz. Hər kəs üçün bunun fərqli çalarları var. Ancaq xoşbəxtlik elə bir anlayışdır ki, 90 faiz onun cizgilərini eyni görür, ancaq ona çatmağın yolları fərqlidir. Ona görə biz hələ yolun əvvəlindəyik. Övladlarımız həyata imza atırlar. Biz yaşlı valideyn sayılmırıq, bu baxımdan deyəcəklərim təcrübəsi daha böyük olan valideynlərin təcrübələrinə əsaslana bilər. Ümumi götürəndə sağlamlıq, haqqa, Allaha bağlı olmaq, millət, dövlət üçün, ölkə üçün çalışmağı özünə ar bilməmək və təbii ki, məzmunlu, dolğun bir həyat yaşamaq... Valideyn əvvəlcə bunları özü yaşayır və sonra övladına yaşadırsa bundan gözəl heç nə yoxdur. Valideyn bu nəslin arzulanan səviyyədə rifah halında olması, mənəvi və fiziki sağlamlığını istəyir. İlk növbədə istər valideyn, istərsə də övlad üçün zəhmətdən qaçmamaq bir çox uğurların açarıdır. Rifah da, könül xoşluğu da buna bağlıdır. Cəmiyyətdə tutulan mövqe də xeyli dərəcədə bundan asılıdır. 

Söhbətləşdi 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946